Fəhlənin ölümünü prorabın boynuna qoyurlar
- Wednesday, April 15, 2009, 19:20
- Cəmiyyət
- 547 nəfər oxuyub
- 2 şərh var
Elçin Behbudov: «Həmişə olduğu kimi əsas adamlar kənarda qalır, cinayəti atırlar bir bədbəxtin üzərinə»
“Tac-Mahal” tikinti şirkətinin rəhbəri və digər məsul əməkdaşı həbs edilib. Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, adıçəkilən şirkətin rəhbəri Ruslan Yaqub oğlu Əkbərov və digər məsul əməkdaşı Ağasəf Ağabəy oğlu Abdurəhmanov Şəki rayonunun Kiş kənd sakini, 1964-cü il təvəllüdlü Xanlar Mustafayevin ölümündə təqsirləndirilirlər.
Məlumata görə, aprel ayının 9-da Moskva prospekti, 3008-ci məhəllənin ərazisində məişət tullantıları atılmış yerdə, koma vəziyyətində, üzərində müxtəlif dərəcəli xəsarətlər olan 45-50 yaşlı kişi tapılaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Araşdırmalar nəticəsində həmin şəxsin Şəki rayon Kiş kənd sakini, 1964-cü il təvəllüdlü Xanlar Mustafayev olduğu məlum olub. Onun, həmçinin “Tac-Mahal” Kooperativi tərəfindən inşa edilmiş 20 mərtəbəli binanın liftinin şaxtasına yıxılması və sonradan şirkətin rəhbəri Ruslan Əkbərovun orada işləyən digər şəxslərlə birgə onu şaxtadan çıxarmaları və izi itirmək məqsədilə yaxınlıqdakı məişət tullantıları olan yerə atmaları müəyyən edilib. Hadisə ilə əlaqədar Nəsimi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizə qaydalarını pozma) və 143-cü (təhlükədə qoyma) maddələri ilə cinayət işi başlanıb. Məlumatda, həmçinin X.Mustafayevin aldığı ağır xəsarətlərdən ötən gecə dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı R.Əkbərov və A.Abdurəhmənov şübhəli şəxs qismində saxlanılıblar. Istintaq tədbirləri davam etdirilir.
Dünən “Azadlıq”a açıqlamasında Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov məsələ ilə bağlı maraqlı məlumatlar verib. E.Behbudov Nəsimi Rayon Polis Idarəsinin müvəqqəti saxlanma təcridxanasında şirkətin iş üzrə təqsirləndirilən əməkdaşı ilə görüşüb: “Həmişə olduğu kimi əsas adamlar, akulalar kənarda qalır, cinayəti atırlar bir bədbəxtin üzərinə. Mən görüşdüyüm adam prorab idi. Yaşlı, imkansız və ağır şəkər xəstəsi olan bir adamdır. Polislər dedi ki, heç ailəsi ona yemək gətirmək imkanında deyil. Yazıq ağlaya-ağlaya dedi ki, nəinki hadisə günü işdə olmayıb, hətta bir həftə əvvəldən işə çıxmırmış. Xəstə olduğuna görə evdə olub. Amma həmin gün işdə olmaya-olmaya bunu həbs ediblər. Bir sözlə günahkar qalıb kənarda, bunu bədbəxt ediblər.
Hamı yaxşı başa düşür ki, bu binaları balaca adamlar tikdirə bilməz. Bunun arxasında böyük adamlar dayanır. Amma nəticə etibarilə onlar qıraqda qalır, bədbəxtin birini qabağa verirlər. Əslində bunun yox, onların yaxasından yapışmaq lazımdır”.
E.Behbudov hesab edir ki, mərhum X.Mustafayevə qarşı qeyri-insani hərəkətlər edən şəxslər mütləq cəzalandırılmalıdır: “Burda söhbət insan teleyindən gedir. Insan taleyi ilə oynamaq olmaz. Necə ola bilər ki, bir insanı o cür rahat şəkildə zibilliyə atasan. Bunu edənlər qanun qarşısında cavab verməlidir”.
Belə şeylərdə bizdə problem olmur!
Bəs indi onun ailəsini düşünən var ? təbii ki, yoxdur indi hərkəs öz kefindədir belə şeylərə baxan yoxdur.!!!