“Bakı” “Olimpik” şokundan tez ayıldı
«Qarabağ» isə Salyandan çətin qələbə ilə döndü
Dünən Azərbaycan çempionatında 21-ci turun üç oyunu keçirilib. “Muğan” Salyanda “Qarabağ”ı qəbul edib. “Bakı” isə “Şəfa” stadionunda “Standard”la qarşılaşıb. “Bakılı” isə “Simurq”un qonağı olub.
Ötən tur “Turan”ı məğlub edən “Qarabağ” çempionatda növbəti qələbəsini qazanıb. Gözlənildiyi kimi, Ağdam klubu oyuna fəal başlayıb. “Qarabağ”ın futbolçuları ilk dəqiqələrdən hücuma atılıb, erkən qolla rəqibin müqavimətini qırmaq istəyirdi. Ağdamlılar ilk hissədə bir neçə dəfə Artim Şakiriylə qola yaxınlaşsa da, hesabı aça bilməyib. “Muğan”dan isə Sənan Qurbanovun fərqlənmək imkanı olsa da, o, fürsəti əldən verib.
Oyunun ikinci hissəsi sönük başlasa da, tezliklə hesab açılıb. Topu ələ keçirən Sənan Qurbanov onu qapıya göndərərək qonaqları şoka salıb. “Qarabağ”ın cavab həmlələri 76-cı dəqiqədə öz bəhrəsini verib. Cərimə meydançasına ötürülən topu “Qarabağ”ın gənc oyunçusu Rauf Əliyev başla qapıdan keçirərək, hesabı bərabərləşdirib. Artim Şakiri bu oyunda da “Qarabağ”ın xilaskarına çevrilib. Keçən qarşılaşmada fərqlənən makedoniyalı oyunçu 87-ci dəqiqədə komandasının qələbə topunu vurub – “Muğan” – “Qarabağ” 1:2
“Muğan”ın baş məşqçisi Nadir Qasımov məğlubiyyətə baxmayaraq, oyunçularından razı qaldığını deyib: “Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Hesabı açsaq da, qoruyub, saxlaya bilmədik. Bu, yetirmələrimin gənc olmasından irəli gəlir. Onların yetərincə təcrübəsi yoxdur. ”Qarabağ”la heç-heçəyə oynayırdıq. Amma alınmadı”.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da rəqibini tərifləyib: “Mən əvvəlcədən Salyanda çətin oyun gözləyirdim. Bu barədə futbolçularıma da demişdim. Onların ”Inter”lə oyununu görmüşdüm. Biz bilirdik ki, “Muğan” mübarizə aparacaq. Çünki onlar Premyer-Liqada qalmaq istəyir və xala ehtiyacları var. Bugünkü rəqibimiz çox yaxşı komanda idi. Şadam ki, çətin də olsa, qələbə qazandıq”.
“Olimpik”lə qalmaqallı oyunun şoku ilə əlaqədar “Bakı”nın “Standard”la oyunda çətinliklə üzləşəcəyi gözlənilirdi. Lakin Qyoko Haciyevskinin yetirmələri bankirlərlə oyundan qalib ayrılmağı bacarıblar.
“Bakı” oyuna dörd əsas heyət oyunçusu olmadan çıxmışdı. Ötən turda “Olimpik”lə oyunda zədələnən Əhməd Ticani və Fernando Peres bu oyunda forma geyinə bilməyib. Amiran Muciri isə ötən qarşılaşmada qırmızı vərəqə aldığına görə bu dəfə oyunu tribunadan izləməli olub. Braziliyalı Vilyam Roşa Batistanın cəzası başa çatsa da, o, məşqdə zədələndiyindən meydana çıxa bilməyib.
Oyun meydan sahiblərinin hücumu ilə başlayıb. Lakin “Bakı” tezliklə üstünlüyü bərpa edərək qol vurub. Qarşılaşmanın 18-ci dəqiqəsində cərimə meydançasına ötürülən topu Hüseyn Məhəmmədov qaytarsa da, top Adamiyanın qarşısına düşüb və gürcü futbolçu fürsəti qaçırmayıb. 38-ci dəqiqədə isə “Bakı” ikinci topu rəqib qapısından keçirib. Hakim Fariz Yusifovun təyin etdiyi penaltini Fabio Luis Ramim dəqiq yerinə yetirərək fərqi iki topa çatdırıb.
Ikinci hissədə “Standard” nisbətən fəallaşıb. Lakin “bankirlər” uzun müddət rəqib qapısına yol tapa bilməyib. Badri Kvaratsxeliyanın yetirmələri yalnız 76-cı dəqiqədə istəyinə çatıb. Fariz Yusifov əllə oyuna görə Rafael Əmirbəyova sarı vərəqə göstərərək “Bakı”nın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Rodriqo Silva penaltini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi minimuma endirib. “Standard”ın hesabı bərabərləşdirmək cəhdləri nəticə verməyib. Qarşılaşma 1:2 hesabıyla qonaqların xeyrinə başa çatıb.
Oyundan sonra fikirlərini bölüşən “Standard”ın baş məşqçisi Badri Kvaratsxeliya hakimi ittiham edib: “Biz matçın birinci yarısında çox pis oynadıq. Lakin ikinci hissədə oyunumuz düzəldi. Çox təəssüf ki, yenidən hakimlik haqqında danışmalı oluram. Başa düşmürəm ki, niyə hakimlər ”Standard”a qarşı belə münasibət bəsləyir? Sabah klub rəhbərliyilə görüşüb, bəzi məsələləri müzakirə edəcəyəm”.
“Bakı”nın baş məşqçisi Haciyevski isə yetirmələrinə təşəkkür edib: “Çətin oyun oldu. ”Standard” güclü komandadır və sona qədər müqavimət göstərdi. Yetirmələrimə təşəkkür edirəm. Çünki onlar bu gün maksimum qüvvə sərf etdilər. Bütün bacarıqlarını ortaya qoydular. Bu gün dörd əsas oyunçumuz olmadan meydana çıxmışdıq. Onları “Olimpik”lə oyunda itirmişdik. Adamiya gözəl oyun nümayiş etdirdi”.
Zaqatalada keçirilən “Simurq” – “Bakılı” oyunu isə meydan sahiblərinin 3:0 hesablı qələbəsilə başa çatıb.
Çempionatın 21-ci turuna bu gün baş tutacaq dörd qarşılaşma ilə yekun vurulacaq. MOIK “Inter”i, “Turan” “Karvan”ı, “Qəbələ” “Olimpik”i, “Neftçi” isə “Xəzər-Lənkəran”ı qəbul edəcək.