Baxış bucağında ITV

ismayil-omarov2150Ictimaiyyətin hakimiyyət televiziyası

Baxış bucağında sıra ITV-dədir, qaldı “Xəzər” tv. Bu gün Ictimainin qarışıq-dolaşıq efir mənzərəsinə göz gəzdirməklə Azərbaycanın sayca altıncı televiziyasının cəmiyyətdə tutduğu yeri müəyyənləşdirməyə çalışacağıq. ITV-çilər “birinci” titulunu mənimsəməyə çalışsalar da, ölkə televiziyaları arasında Ictimainin hələ hətta daimi yeri belə yoxdur.

Tamam təsadüfən “Telemənzərə”də Ictimai televiziyaya həsr olunmuş ayrıca yazı Ictimai Televiziya və Radio Yayımları Şurasının ITV-yə direktor seçimiylə bağlı müsabiqə elanıyla eyni vaxta düşüb. Telekanala rəhbərliyin ilk dönəmi sona çatıb, ikinci dönəm hələ başlamayıb. Ikinci dönəm üçün ITV rəhbərliyinə şərti namizədlərin kimliyi hamıya bəllidir. Avropa Şurasının tövsiyəsilə yaradılan telekanala rəhbər seçiminə ölkədə fəaliyyət göstərən televiziyalar bir elə isti yanaşmasalar da, qəzetlər mövzunu gündəmdə saxlayırlar. Faktla bağlı gah ondan, gah da bundan rəy soruşurlar. Müəllif yazılarında yer alan fikirlər, mütəxəssis rəyləri müxtəlifdir. Bu müxtəlifliyin içində indiki hakimiyyətin hökmü daşı dəldiyi çağlarda ITV-yə kimin direktor seçilməsinin, qəzetlərdə yazıldığı kimi “təyin edilməsinin önəmi yoxdur” – sonucuna şərik çıxanlar daha çoxdur. Onlarla razılaşmaq olmur. Iqtidar nəyi necə çatdırmağı, nələri qabardıb nələrin üstündən sükutla atlanmağı tələb edir, bu, ayrı məsələdir. Bu tələbi kimin hansı canfəşanlıqla yerinə yetirməsi isə ayrı söhbətdir. Televiziyada uzun müddət çalışmaqla onun incəliklərini, xırdalıqlarını, bicliklərini öyrənmək, təsir imkanlarından xəbərdar olmaq, texniki vərdişlərə yiyələnmək, auditoriyanı öyrənmək, günün nəbzini tutub tarixi dönəmlərin tələblərinə görə dəyişmək, hər dəfə ayrı hava çalmaq da olar. Amma təfəkkür dərinliyi, düşüncə azadlığı, burnundan uzağı görmək bacarığı, mənəvi zənginlik olmayan yerdə tələbin arzulanan formada təqdimi mümkün deyil. Şəxsi keyfiyyətləri zəngin olan, yüksəkdə durmağı bacaranlar üçün tələbin önəmi yoxdur, onlar hər çətinlikdən xətərsiz ötüşməyin çeşidli yollarını bacarırlar. Bir informasiyanı istənilən tərzdə, gərəkən formada çatdırmağın min yolu-yöndəmi var – bunun adı vətəndaşlıq mövqeyi üstündə köklənən peşəkarlıqdır. O üzdən düşünmürəm ki, ITV-nin fəaliyyət müddəti bitmiş indiki baş direktoru nisbətən cəmiyyətə açıq adamla əvəzlənsə, Ictimainin efirində dəyişiklik olmayacaq, bu belə deyil. bu cür düşünənlərə də haqq qazandırmıram. Bir var zibil, bir də var, zibillik.
Olsun ki, rəhbərlikdə dəyişmə özünü informasiya, ictimai-siyasi proqramlarda büruzə verməyəcək, bütünlükdə efirin tutumu mütləq dəyişəcək, yeniləşəcək, təsir dairəsi genişlənəcək, qanunlara sarı yaxınlaşmalar, cəmiyyətə doğru yönəlmələr ki mümkündür. Yəni, ən azı arxaçevirmələr, yanpörtü duruşlarla əvəzlənər, bu, yaxşılığa doğru addım olar. Bu üzdən ITV-yə direktor təyininin ikinci dönəminin sifarişli sonucları qabaqcadan bəlli olsa da, məncə, səlahiyyət müddəti bitən I.Ömərova heç bir formada haqq qazandırmaq gərək deyil. Bu adam ITV-ylə bağlı gözlənilən bütün ümidləri puça çıxardı. Sadəcə, sıradan bir televiziya modeliylə Avropa Şurasının başını qatmağı bacardı. Hətta Ictimainin hansı əsaslarla fəaliyyət göstərməsindən xəbərsiz adamlara özünü qəbul etdirə də bildi.
Ictimailikdə ayrı-seçkilik
Keçmişə və gələcəyə pessimist baxışlardan sonra təhlilə “Carçı”dan başlayaq və üç il, üç il yarım irəliyə qayıdaq. O çağlara ki, “Carçı” efirdə yerini təzəcə möhkəmlətmişdi. Ilkin olaraq, ITV-nin “Xəbər” proqramlarına bu adın verilməsi müsbət qarşılanmadı. Sözün birbaşa anlamı – carçıların hökmdarların fərman çatdıranları olması haqlı qıcıq doğurdu. Illərdən bəri ictimaiyyətin televiziyası ola biləcək elektron qurumun həsrətində olan aktiv vətəndaşlar “ziyalılar, televiziya mütəxəssisləri, jurnalistlər ad seçiminə tənqidi yanaşdılar. Təəssüf ki, seçilən adın Ictimainin nüfuzuna xələl gətirə biləcəyilə bağlı iradlar nəzərə alınmadı. Tezliklə verilən proqnozlar özünü doğrultdu. ITV-nin informasiya və analitik proqramları bu gün AzTV-ninkilərdən bir elə fərqlənmir. Dörd ilə yaxın zaman ötüb, ”Carçı”nın, “Gerçəyin özü”nün əsas problemi birtərəfli təbliğat, bununla da balansın pozulmasıdır. Ilk baxışda Ictimai ölkədəki tv kanallardan kəskin fərqlənmir, yəni hamıdan axırda dayanmır. Amma unutmayaq, onun fəaliyyəti Ictimai Televiziya və Radio Yayımları Haqqında qanunla tənzimlənməlidir. ITV ölkənin tək televiziyasıdır ki, xüsusi hazırlanmış qanunlarla işləməli, onlara tabe olmalı, konkret tələblərə cavab verməlidir. “Malı, məli” felin lazımi gələcək formasıdır. Azərbaycan reallığında “lazım”lara hansı münasibət olduğunu hamımız bilirik. Hakimiyyyətlə cəmiyyətin kəsişməyən maraqları fonunda ITV-nin hakimiyyətin mövqeyinin təbliğatçısı rolunda çıxış etməsi bağışlanılmazdır. Xəbər proqramlarında, xəbər törəmələrində birtərəflilik az qala normaya çevrilib. Hətta get-gedə mətbuat da sanki Ictimainin daşımalı olduğu funksiyanı unudur, susur. Bəlkə də susdurulur. Bunlar hər kəsin bildiyi, zaman-zaman alışdığı məqamlardır. Sadəcə, durumun hələ də davam etdiyini xatırladır, dörd ildən bəri qanunları pozan qurumun qanun qarşısında cavabdeh olmadığını yada salıram. Millətin aşağı təbəqələrinin üzünə qapalı olan ITV hələ də AzTV-nin dublikatı olmaqdadır. Görünəni yaxın dörd ildə də belə olacaq.
Müqəvva – ruslar ona “çuçela” deyirlər
Informasiya proqramları, siyasi təhlillər, şərhlər televiziyaların canı, qanıdır. Canı alıb, qanı satanda ortada müqəvva qalır. Keçək ona. Təhsil, mədəniyyət, maarifçilik, ədəbi-bədii, musiqi proqramlarından danışanda ayrıca tərifə, ciddi tənqidə yer yoxdur. Hərə bir yolla gününü keçirir, efirini yola verir. Nisbi müsbət fərq canlı efir saatının çoxluğu, şou-proqramların yoxluğundadır. Yarandığı ilk dövrləri çıxmaqla sonrakı illərdə bir dənə də təzə, maraqlı proqramın olmaması durğunluq, ehtiyatların tükənməsi deməkdir. Telekanalın rəhbərliyi ilk layihələrindən biri olan “Ovqat”la öyünməyi, mətbuatda sifarişli yazılarla onu öydürməyi çox sevirdi. Gerçəkdən, “Ovqat”a baxanlar vardı. Indilikdə bu verilişə elə adamlar çağrılır, elələrinə yer ayrılır, onların hətta kütləvi verilişlərdəki tamaşaçılar arasında yeri yoxdur. !erliçilikdən danışıb kimlərinsə hissiyyatıyla oynamaq istəmirəm, amma bəlli respublikanın “aşıqları, şairləri” “Ovqat”ın yolunu yağır elədilər, ITV-nin efirini karvansara qapısına döndərdilər. Tok-şoular, “Aktual ekranlar” – eyni studiyadan nə qədər veriliş hazırlamaq olarmış. Eyni yamangünlü stulun eyiblərini nə qədər verilişdə gözə soxmaq olarmış? Studiyaların zövqsüz tərtibatı, köhnə avadanlıq və əşyalar, aksessuar qıtlığı, əlbəsə yoxluğu foto və videolentlərin yaddaşında qalan keçmişi – ötən əsrin 60-cı illərinin AzTV-sini xatırladır. Müasir studiya dizaynı gözə dəymir. Vizual dolğunluq yaratmaq üçün dəvət olunan tamaşaçılara ekranın tələbləri aşılanmır, efir normaları gözlənmir. Efir gözəlliyi sevir. Ictimaidə ictimai məzmun yoxdur, heç olmasa gözəllik olaydı. Ara-sıra təsadüfən izlədiyim bir televiziya var – CTV. Cənub televiziyası -Azərbaycanın cənub bölgələrinə yayımlanır. Inanın, həmin o CTV həmin bu ITV-dən qat-qat səliqəlidir.
Intellektin yoxdur, keç yuxarı başa
Qısa da olsa, ITV-nin film seçiminin bərbad olduğunu bir daha xatırlatmalıyam. Səviyyəsiz, maraqsız filmlər, telefilmlər nümayiş olunur. Bu işə kimin cavabdeh olduğun bilmirəm, amma həmin adamın zövqünə şübhəm var. Onu dəyişmək zamanının yetdiyini dəqiq bilirəm. Qabaqkı həftələrdə çox yazdığıma görə təkrarlamaq istəmirəm, “Eurovision” musiqi yarışmasıyla bağlı ITV-nin təşkilatçılığı qənaətbəxş deyil. Görünür, orda professionalların yox, səlahiyyətlilərin sözü keçir, yoxsa düşünülməmiş addımlar atılmazdı. Yaxşı ki, orda sənət birinci yerdə deyil, yoxsa uduzmağa bəraət tapılmazdı. Qələbə üçünsə ən azından pul xərcləməyin zamanı ötür…
Bütün telekanallara xas olan aparıcı problemi ITV üçün də aktualdır. El arasında tez-tez təkrarlanan bir fikir var: ANS-də çalışmaq istəyirsən, görkəm şərt deyil, ITV-də çalışmaq arzun var, görkəm də şərt deyil, üstəlik, savad da. Bir telekanalda bir sevilən aparıcının olmaması ciddi qüsurdur. Baxılanlar, qəbul olunanlar, dözülənlər var – sevilənlər, gözlənənlər – bax bu, problemdir. Həftədə beş gün ?Işgüzar zaman? var-aparıcıları fərqlidir. Deyim ki, hansısa çox pisdir, deyə bilmərəm, deyim hansı yaxşıdır, getsə efir itirər, onu da deyə bilmirəm. ANS-də Nisə Qasımovanın, ATV-də Aygün Kazımovanın, Liderdə Rəhim Rəhimlinin o qədər qüsurları, o qədər şitlikləri var, saysan bitməz-amma baxılır. “Işgüzar zaman”çılarda bu çatışmazlıqların heç biri yoxdur, amma baxılmır. Çünki aparıcılar səmimi, efirə açıq, məlahətli olmağı bacarmırlar, bəziləri səriştəsizdir, auditoriyanı, tamaşaçını duymurlar, onu hiss etmirlər, donuqluqdan yaxa qurtara bilmirlər.
“Carçı”nın aparıcıları hərdən ekranın o üzündən adama elə key-key baxırlar, deyərsən nə dediklərini özləri belə eşitmirlər, nə baş verdiyinin fərqində belə deyillər. Zəhrimara qalmış təbəssüm, xoş çöhrə, mənalı mimika nəmənədir ki, onu da tamaşaçıdan əsirgəyir, qəzəb yağan gözlərdən zillənən baxışlarınızla bizi kanalı dəyişməyə məcbur edirsiniz, ay “carçılar”… Belə getsə sizi də yaxınlarda şadlıq evlərində tamadalıq edən görəcəyik. Necə ki, o gün “Sərin” restoranında Spacenin keçmiş aparıcı xanımını tamadalıq edən gördüm. Cavan, yaraşıqlı, dilli-dilavər xanım 600 nəfərlik salonu ələ ala bilmişdi, amma mən ha çalışdımsa, o xanımın efirdə aparıcılıq etdiyi bir verilişi belə xatırlaya bilmədim. Telejurnalistlər, gözünüz aydın, toylarda sizin eranız başlayır. Indən belə aktyorların çörəyini əllərindən ala biləcəksiniz.
Örtülü bazarda açıq qapı
Bilsəydim əməl edəcəklər, heç olmasa, əlli faiz gerçək Ictimai televiziya yaratmaq üçün təkliflər verərdim. Bilsəydim… bilmirəm, amma birini yazıram. Lider, “Xəzər” ağıldankəm adamlar üçün “açıq mikrafon” qurub, kimin ağzına nə gəlir, zəvzəyir. ATV, ANS belə sarsaqları sms yazılarla tələyə salır. Orda da kimin ağlına nə gəlir yazır, göndərir. Konturların canı sağ olsun. Ictimai də “açıq qapı” günü keçirə, dərdi dəvəyə dönən insanlar, məmurlara deyiləcək sözü dilində, məmurlardan edəcək şikayəti ürəyində qalan vətəndaşlar üçün şərait yarada bilər. Öz aramızdır, özgənin sözünü özgəyə çatdırmaq çox asandır, məsuliyyət tələb olunmur. Mövqeyinizdən qorxursunuz, araşdırmayın, çəkindiyiniz adamlar var, kimisə fakt qarşısında qoymayın, amma imkan verin vətəndaşlar Ictimaiyə güvənə, ciblərinin parasıyla kef etdiyiniz kanalın efirindən yararlana bilsinlər. Beş yol hökuməti tərifləyib, bir kərə məmuru qılınclamaqla kanalı bağlamazlar, rəhbər vəzifə tutanları kürsüdən aşırmazlar. Xalqa doğru bircə addım atıb da qarşıdakı dörd ili mənimsəmək olar. Bircə addım nəmənədir ki?..
Sənubər

Mövzuyla bağlı digər yazılar

  • Mövzuyla bağlı digər yazı yoxdur

Müəllif barədə

mizrak yazıb 33 məqalə.

Şərh yaz

Spam Protection by WP-SpamFree

Copyright © 2010 Gündəm – Müstəqil Onlayn Qəzet. Bütün hüquqlar qorunur.