Rüşvət faktoru paytaxt sakinini dilə gətirib
O, özəlləşdirmə üçün ondan 15 min manat tələb edildiyini vurğulayıb
Bakı şəhəri, S.Tağızadə 76 ünvanında yaşayan Əzizağa Teymurov “Azadlıq” vasitəsilə problemini açıqlayıb. Şikayətçi bildirib ki, həmin ünvanda ona məxsus 12 kv.metrlik
sahəni özəlləşdirmək üçün iki illik süründürmələrdən sonra Əmlak Komitəsinin şöbə müdirinin müavini Ismayılov ondan 15 min manat rüşvət istəyib:
“Rüşvət tələbi barədə 28 oktyabr, 22 dekabr 2008-ci ildə iki dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi şəkildə komitənin sədr müavini Rafiq Cəlilovun qəbulunda olarkən ona ətraflı
məlumat verdim. Lakin heç bir tədbir görülmədi. Məcburiyyət qarşısında qalaraq Prezident Aparatı yanında korrupsiyaya qarşı mübarizə komissiyasının sədri Ramiz
Mehdiyevə üç dəfə, Milli Məclis sədri Oqtay Əsədova isə iki dəfə teleqram vuraraq üzləşdiyim problem barədə məlumat verdim. Araşdırılmaq üçün komitəyə göndərilməmək
barədə xahişimə baxmayaraq, müraciətlərimin hamısı nədənsə yenə də ora göndərilib. Komitədə isə heç bir araşdırma aparılmadan, şikayətçi ilə görüşmədən, əsas
məqamları təyin etmədən standart cavab hazırlanıb. Müraciətimə cavabda bildirilib ki, zəruri sənədlər toplusu 1 saylı ərazi şöbəsinə təqdim edildikdən sonra özəlləşdirmə
məsələsinə baxıla bilər. Cənab Cəlilovun yəqin yadından çıxıb ki, 2 may 2008-ci ildə zəruri sənədlər əsasında 7791 saylı icarə müqaviləsini məhz özü imzalayıb və bu,
özəlləşdirmənin son mərhələsidir”. Ə.Teymurov bu müraciətdən, dəqiq, obyektiv yoxlama aparılandan sonra müvafiq tədbir görüləcəyinə ümid etdiyini də dilə gətirib.
Nigar
P.S. Yazıdakı məqamla bağlı aidiyyəti qurumun da mövqeyini dərc edə bilərik.