“Ilham Əliyev açıq danışmağı bacaran siyasətçilərdən deyil”

AXCP sədri dövlət başçısının Türkiyə siyasətini tənqid etdi

“Mən Azərbaycanın milli maraqlarını müdafiə etmək əvəzinə, öz kürsü maraqlarını güdən hökuməti vətənpərvər saya bilmərəm”

ABŞ prezidenti Barak Obamanın Türkiyə səfəri, bu səfər ərəfəsində Bakı ilə Ankara arasında gərginliyin yaşanması gündəmi zəbt edib. AXCP sədri Əli Kərimli ilə müsahibəmizin mövzusunu da elə bu məsələlər təşkil edir.
- ABŞ prezidenti Barak Obamanın Türkiyə səfəri başa çatdı. Onun səfər çərçivəsində verdiyi mesajlardan hansı nəticələri çıxarmaq olar?
- Barak Obamanın Türkiyəyə səfəri, özünün də bəyan etdiyi kimi, Ankaranın Vaşinqtonla çox önəmli bir müttəfiq olduğunu vurğulamaq məqsədi daşıyırdı. Çünki son illərdə belə bir rəy yaranmışdı ki, Türkiyə soyuq müharibə dövründə ABŞ üçün çox önəmli müttəfiq olsa da, bundan sonra önəmi azaldı. Corc Buşun hakimiyyəti illərində isə bu müttəfiqlik əslində formal xarakter daşıdı və münasibətlərdə kifayət qədər gərginlik yaşandı. Barak Obama Türkiyəyə səfəri və orada verdiyi mesajlarla bu ölkənin ABŞ-ın çox ciddi strateji müttəfiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Səfər zamanı ABŞ prezidenti dəfələrlə Türkiyənin önəmindən, bölgədə oynaya biləcəyi roldan danışdı. Türkiyəyə bütövlükdə Islam dünyası üçün nümunə ola biləcək bir dövlət kimi baxdıqlarını vurğuladı. Türkiyənin Avropa Birliyinə üzv olmasına dəstəyini ifadə elədi. Bunların hamısı Türkiyənin, həmçinin Azərbaycanın maraqlarına uyğun idi. Amma təbii ki, Barak Obama parlamentdə çıxış zamanı bir sıra məsələlərlə bağlı Türkiyə və Azərbaycan cəmiyyətini məyus da etdi. Əvvəla, o, uydurulmuş erməni soyqırımı ilə bağlı seçki kampaniyası dövründə söylədiyi fikirləri dəyişmədiyini ifadə elədi və Türkiyəni Ermənistanla sərhədləri açmağa çağırdı. Bunlar əlbəttə ki, bizdə təəssüf doğurur və hələ də erməni diasporasının ABŞ-da çox ciddi təsirə malik olduğunu göstərir. Amma geniş mənada baxdıqda Türkiyəyə ABŞ-ın dəstəyinin artması, münasibətlərin yeni bir mərhələsinin başlanması müsbət haldır.
“Ankara beynəlxalq təzyiqlərə dözməyi bacarmalıdır”
- Son günlər Azərbaycan-Türkiyə münasibətlərində bir gərginlik yaşanır. Baş verənlərlə bağlı müxtəlif mülahizələr, rəylər irəli sürülür. Siz bu barədə nə düşünürsüz?
- Doğrudan da son günlərdə rəsmi Bakı ilə Türkiyə arasında gərginlik müşahidə olunur. Bu əlbəttə, onunla əlaqədardır ki, çox ciddi mənbələr Türkiyə hökumətinin Ermənistanla sərhədləri açmağa hazırlaşdığı barədə fikirlər irəli sürürlər. Əslində Barak Obamanın Türkiyəyə səfəri zamanı da buna işarələr oldu. Bu da təbii ki, Azərbaycanda hər kəsi, o cümlədən hökuməti narahat edir və etməlidir. Əlbəttə ki, biz azərbaycanlılar Ermənistanla konfliktdə hər zaman türklərlə birlikdə zərər çəkmişik – bir türk olaraq. Açıq danışmaq lazımdır ki, ermənilər 1905-də, 1918-də, hətta 1991-ci ildəki Xocalı soyqırımını törədəndə də azərbaycanlı qadınları, uşaqları türk olaraq qətlə yetiriblər. Biz hər zaman düşünmüşük ki, ermənilər bizim ümumi düşmənlərimizdir. Çünki hal-hazırda Ermənistanın iddiası yalnız işğal etdiyi Azərbaycan torpaqlarına aid deyil. Ermənistan Türkiyənin də böyük ərazilərinə rəsmən iddia edir. Hətta Türkiyənin Ağrı dağı Ermənistanda milli simvollardan biri kimi təqdim olunur. Həmin ərazilər uğrunda mübarizə rəsmi dövlət səviyyəsində təsbit edilib. Bundan əlavə erməni lobbisi dünyanın hər yerində erməni soyqırımı adlı bir uydurma ilə Türkiyəyə qarşı neçə illərdir ki, təzyiq kampaniyası aparır. Yəni, ümumi problemlərimiz olduğuna görə daim Azərbaycan və Türkiyə eyni mövqedən çıxış edib. Biz həmişə Türkiyənin dəstəyini yüksək qiymətləndirmişik və hər zaman da gözləmişik ki, bu dəstək daimi olsun. Ona görə də indi Azərbaycanda hər kəsin bu siyasətin dəyişməsi gözləntilərindən məyus olması başa düşüləndir. Bizim də fikrimizcə, Türkiyəyə xaricdən müəyyən təzyiqlər olsa da, rəsmi Ankara necə ki, son 17-18 ilin ərzində Ermənistanla münasibətlər qurmaqdan imtina edib, beynəlxalq təzyiqlərə sinə gərib, bundan sonra da bu təzyiqlərə dözməyi bacarmalıdır. Yalnız bizim mənafeyimizə görə yox, elə özlərinin mənafeyinə görə də.
“Türkiyə xalqına xüsusi müraciət edəcəyik”
- Ermənistanla sərhədləri açmaq Türkiyəyə nə verə bilər?
- Əslində Ermənistanla sərhədləri açmaq olar. Nəinki Türkiyə, Azərbaycan da bu sərhədləri aça bilər. Amma gərək Ermənistan da işğalçı tərəf olaraq Azərbaycan torpaqlarını geri qaytarsın, Türkiyəyə qarşı iddialarından əl çəksin. Ermənistan buna hazırdırmı? Yox. Bir halda ki, Ermənistan bizlərə qarşı öz aqressiv siyasətindən imtina etməyəcək,  Türkiyənin birtərəfli qaydada güzəşti olsa-olsa dostların birgə müdafiə mövqeyini zəiflədəcək, erməniləri aqressiv siyasətə daha da şirnikləndirəcək. Azərbaycan və Türkiyə ayrı-ayrılıqda öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkəcək. Türkiyə xalqı da Ermənistanla sərhədləri açmağın tərəfdarı deyil. Onlar da bu məsələdə təxminən bizim kimi düşünürlər. Türkiyə mediasının, ictimai quruluşlarının, siyasi partiyalarının əksəriyyəti hökumətin belə bir addım atmasını istəmir. Amma eyni zamanda Türkiyənin üzərində müəyyən bir beynəlxalq təzyiq var. Bu təzyiqi adlatmaq üçün isə Türkiyə belə bir güzəştə getməyə hazırlaşırmış kimi görünür.
Bu vəziyyətdə biz hesab edirik ki, Türkiyə ictimaiyyətinə müraciət etmək, rəsmi Ankaranı gözlənilən yanlış addımdan çəkindirmək lazımdır. Yeri gəlmişkən, bu məqsədlə biz Qarabağ və Respublika Uğrunda Hərəkat olaraq Türkiyə xalqına xüsusi müraciət edəcəyik. O cümlədən Türkiyə hökumətinə, bu ölkənin siyasi partiyalarına, KIV-lərinə, ziyalılarına müraciətlər olacaq. Biz çalışacağıq qardaşlarımızı inandıraq ki, belə bir qərarın qəbul edilməsi həm Türkiyənin, həm də Azərbaycanın milli maraqlarına ziddir.
“Türkiyəyə münasibətdə seçilən siyasəti uğurlu hesab etmirəm”
- Bəs Azərbaycan hakimiyyətinin baş verənlərə yanaşmasını necə dəyərləndirirsiniz?
- Ermənistanla sərhədlərin açılmasına çox ehtiyatlı şəkildə, dolayısı ilə -  çünki açıq şəkildə hökumət rəsmiləri bu barədə danışmırlar – etirazların edilməsinə müsbət baxıram. Amma Türkiyəyə münasibətdə seçilən siyasəti uğurlu hesab etmirəm. Türkiyədən küsmək yox, Türkiyə ilə sıx dialoq içində olmaq lazımdır. Biz düşmənlərimizi sevindirməməliyik. Yaranmış fikir ayrılığına görə  Türkiyədən uzaqlaşıb, ermənilərə bizim torpaqlarımızı işğal etməkdə birbaşa yardım etmiş və bu yardımı bu gün də davam etdirən Rusiyanın qucağında özümüzə sürətlə yer etməli deyilik. Biz strateji müttəfiqimizi dialoq şəraitində yanlış addımlardan çəkindirməliyik. Amma Azərbaycan hökuməti nə edir? Əvvəla, dövlət başçısı Türkiyəyə dəvətdən imtina edir. Amma bu barədə belə bir izahat verir ki, onun proqramı çox sıxdır, işləri çox olduğuna görə Türkiyəyə getmir. Buna ciddi yanaşsaq, belə məlum olur ki, dövlət başçısı hər hansı bir etiraza görə yox, iş qrafiki sıx olduğuna görə Türkiyəyə getməyib. Bu rəsmən irəli sürülmüş versiyadır. Hər halda Türkiyənin xarici işlər naziri Əli Babacan belə bir açıqlama verib və Azərbaycan da bunu təkzib etməyib. Dövlət başçısının həmin günkü iş qrafikinə baxsaq, görərik ki, o, Azərbaycanda keçid açılışında iştirak edib və Təhlükəsizlik Şurasının iclasını çağırıb. Belə çıxır ki, keçid açılışında iştirak etmək və iclas keçirmək – həmin iclası təxirə salmaq olardı – səbəb olub ki, Ilham Əliyev çox mötəbər bir tədbirə gedib Azərbaycanın mövqeyini ifadə etməsin.
“Ilham Əliyev Türkiyəyə gedib açıq mövqe ifadə etməliydi”
- Yəni, Ilham Əliyevin Türkiyəyə getməkdən imtinasını yanlış sayırsınız…
- Hər halda həmin tədbirə qatılıb Azərbaycanın mövqeyini ifadə etmək daha yaxşı variant olardı. Təsəvvür edin ki, Ilham Əliyev Türkiyəyə gedir, çox açıq şəkildə Türkiyə siyasətçiləri ilə bu mövzuda dialoq aparır və Azərbaycanın bu məsələ ilə bağlı narahatlığını ifadə edir. Həm də təkcə bağlı qapılar arxasında yox, eyni zamanda Türkiyə xalqına açıq mətnlə müraciətlər etməklə. Yəqin ki, gördünüz, Barak Obama Türkiyə-Ermənistan münasibətlərilə bağlı türk ictimaiyyətini məmnun etməyəcək fikirlərini çox açıq şəkildə prezident Gülün yanında ifadə elədi. Yəni, məcburən türk ictimaiyyəti Obamanın onları məmnun etməyən çıxışını eşitdi. Azərbaycanın dövlət başçısı da analoji addımı ata bilərdi. Təsəvvür edin ki, Ilham Əliyev prezident Gülnən mətbuat konfransında Türkiyə mediası vasitəsilə türk xalqına Azərbaycanın bu məsələdəki narahatlığını çatdırır və ehtimal olunan bu addımın təkcə Azərbaycanın yox, elə Türkiyənin də dövlət maraqlarına zidd olduğunu bəyan edir. Çox açıq şəkildə Türkiyə xalqından belə bir addımı gözləmədiyini deyir. Mən inanıram ki, Türkiyə xalqının etirazı olacağı təqdirdə heç bir hakimiyyət bu addımı ata bilməz. Çünki orada hakimiyyətin mənbəyi xalqdır, Azərbaycandakı kimi seçki komissiyaları deyil. Vəziyyəti daha yaxşı ifadə etmək üçün təsəvvür edək ki, rəhmətlik Əbülfəz Elçibəy sağdır, heç prezident də deyil və o, gedib Türkiyə xalqına belə müraciətlər edir. Effekti özünüz təsəvvür edin. Axı türk milləti özü də Ermənistanla faktiki düşmən münasibətindədir.
- Ilham Əliyev Elçibəy deyil axı…
- Doğrudur, Ilham Əliyev Əbülfəz Elçibəy deyil və onun Türkiyədəki təsiri Bəyin təsiri qədər ola bilməz. Amma istənilən halda Azərbaycanı təmsil edən dövlət başçısı xalqımızın gözləntilərini türk ictimai rəyinə birbaşa çatdırmalıydı. Bu variant daha effektli olardı. Daha hansısa keçid açılışında iştirak etmək adıyla bu səfərdən yayınmamalıydı.
- Sizcə, Ilham Əliyev nə üçün Türkiyəyə gedərək Azərbaycanın mövqeyini ifadə etmək variantını seçməyib?

- Sizcə, Ilham Əliyev nə üçün Türkiyəyə gedərək Azərbaycanın mövqeyini ifadə etmək variantını seçməyib?
- Çünki Ilham Əliyev açıq danışmağı bacaran siyasətçilərdən deyil. O, açıq müzakirə tələb edilən əksər məsələlər barədə susmağa üstünlük verir. Mən daha dəqiq təfərrüatlarını bilmirəm. Bu sual daha çox onun özünə aiddir. Yaxşı olar ki, dövlət başçısı heç olmasa bu dəfə Azərbaycan xalqına izahat versin. Çünki o, heç vaxt atdığı addımlarla bağlı xalqa izahat vermir. Hesab edir ki, ölkəni, xalqa hər hansı izahat vermədən, hökmdarların idarə etdiyi kimi idarə etmək olar. Hər bir halda mən belə düşünürəm ki, daha doğru yanaşma açıq danışmaq olardı. Bunun əvəzində biz nə gördük? Bir tərəfdən Türkiyəyə səfərdən imtina keçid açılışı ilə ört-basdır edilir, digər tərəfdən isə Təhlükəsizlik Şurasının adından “dövlətlərin bir-birilə ikitərəfli münasibətlərinə qarışmırıq” şəklində bəyanat verilir. Bu nə deməkdir? Əgər biz Türkiyə ilə doğrudan da, müttəfiqiksə, onda bu münasibətlərə qarışmalıyıq. Strateji müttəfiqlik tələb edir ki, biz bu məsələləri Türkiyə ilə müzakirə edək. Türkiyənin də belə bir imkanı olmalıdır ki, üçüncü ölkələrlə münasibətlərimizi bizimlə müzakirə etsin. Bəs müttəfiqlik necə olur? Əgər biz üçüncü dövlətlərlə münasibətlərimiz barədə bir-birimizlə danışmırıqsa və Azərbaycan könüllü şəkildə bu hüquqdan imtina edirsə, o zaman niyə ağızdolusu strateji müttəfiqlikdən danışırdıq?
Bu arada Azərbaycan hakimiyyətinə bağlı olan quruluşlar da isterika ilə anti-Türkiyə kampaniyası aparırlar. Mən bunu çox yanlış hesab edirəm. Azərbaycan balaca ölkədir və hamı bir-birini tanıyır. Hamı görür ki, Prezident Aparatından tezis alan media quruluşları, bir sıra vətəndaş cəmiyyəti institutlarının nümayəndələri çox isterik şəkildə anti-Türkiyə kampaniyası aparırlar.

“Bir çoxları üçün bu, Ilham Əliyevə yarınmaq məsələsinə çevrilib”

- Bəlkə baş verənlər adamların vətənpərvərlik hisslərinə toxunub?
- Bilirsiniz, mən bu adamların vətənpərvərliyinə şübhə edirəm. Nəyə görə bizim bu vətənpərvərlər Rusiya qarşı belə bir münasibəti sərgiləmirlər? Rusiya Ermənistanla birlikdə bizim torpaqlarımızı işğal edib. Nə üçün bu vətənpərvərlər Ilham Əliyevin Moskvaya hansısa səfərdən imtina etməsini, Azərbaycanın MDB-dən çıxmasını tələb etmirlər? Rusiya Ermənistana raketlər yerləşdirəndə, bu ölkənin, hətta Qarabağın hava sistemini öz müdafiəsinə gbtürəndə niyə susdu bu ura-patriotlar? Nə üçün bir neçə ay əvvəl Rusiya Ermənistana 800 milyon dollarlıq silah verəndə bu adamların səsi çıxmırdı? Niyə Azərbaycan dövlət başçısı bu demarşı – əgər bu demarşdırsa – Moskvaya etmirdi? Biz strateji düşünməliyik. Bizim hal-hazırda Türkiyə ilə müəyyən bir problemimiz yaranıb. Türkiyəkədəki hakim partiyanın yanlış addım atması ehtimal olunur. Bu, hələ ehtimaldır. Bəlkə bunun qarşısı alınacaq? Buna görə Azərbaycanın yegəna uzunmüddətli müttəfiqi olacaq ölkə ilə münasibətləri korlamaq və Azərbaycana zaman-zaman düşmənçilik etmiş ölkələrin kölgəsinə sığınmaq yanlış siyasətdir. Bu siyasət dayandırılmalıdır. Azərbaycan cəmiyyəti bu siyasətə öz etirazını bildirməlidir. Azərbaycan cəmiyyəti onu da görür ki, bir çoxları üçün bu məsələ artıq milli maraqları müdafiə etmək məsələsindən Ilham Əliyevə yarınmaq məsələsinə çevrilib. Sanki Ilham Əliyevin addımlarını dəstəkləmək üçün kimin nə qədər səy göstərib, arqument irəli sürməsi uğrunda yarış gedir. Bunlar hamısı kənardan görünür və bunların milli maraqları müdafiə etmək kampaniyasına heç bir dəxli yoxdur.
- Deməli, Türkiyə qarşı etirazlar saxta vətənpərvərlikdir…
- Bu necə partiriot hökumətdir ki, Azərbaycanı öz xırda maraqlarına görə bütün dünyadan təcrid edib? Baxın, hal-hazırda Azərbaycanla Avropa Şurası arasında gərginik yaranıb. Avropa Şurası uzun illər siyasi məhbus problemini həll etməyən Azərbaycana müəyyən mənada sanksiya tətbiq edərək xüsusi məruzəçi təyin edib. Milli Məclisin sədri isə deyir ki, istəyirlər 10 məruzəçi təyin eləsinlər. Bu o deməkdir ki, Azərbaycan hökuməti Qənimət Zahidi, Eynulla Fətullayevi və digər siyasi məhbusları bir qədər də uzun müddətə girov saxlamaqdan ötrü demək olar, bütün Avropanı təmsil edən bir qurumla qarşıdurmaya gedir. Bu necə vətənpərvərlikdir? Öz şəxsi qisasını təmin etmək üçün Azərbaycanı bütün Avropaya qarşı qoyan hökuməti necə vətənpərvər hesab edək? Azərbaycanla ABŞ arasında da müəyyən gərginlik yaşanır. Kaş bu gərginlik erməni məsələsinə görə yaşanardı. Kaş hökumət başçıları cəsarət tapıb ABŞ-dan işğalçı Ermənistana qarşı niyə prinsipial siyasət yürütmədiyinin hesabını sorardı. Rusiya Gürcüstanın Osetiya və Abxaziyadan kənar ərazilərini işğal elədi. Həm Avropa Birliyi, həm də ABŞ Rusiya ilə münasibətləri kəsdi və Moskvanı məcbur elədi ki, qısa zaman kəsiyində bu əraziləri tərk etsin. Azərbaycanın “patritot hökuməti” həmin Avropa Birliyinin, ABŞ-ın qarşısında məsələ qaldırmalıydı ki, niyə ikili standart həyata keçirirsiniz? Məgər rusların işğal elədiyi Poti və digər ərazilərlə ermənilərin işğal elədiyi Ağdamın, Qubadlının, Laçının, Füzulinin, Cəbrayılın, bir sözlə, Dağlıq Qarabağdan kənar arəzilərimizin statusu eyni deyil? Niyə Ermənistana tolerant yanaşırsınız? Azərbaycan hökuməti həmin ölkələrlə münasibətlərin gərginləşməyini belə göz önünə alaraq bunu bəyan etsəydi, hə, onda deyərdim ki, mənim patriot hökumətim var və fikirləşərdim ki, bu hökumətə necə dəstək verim. Amma bunlar ABŞ-la münasibətləri niyə gərginləşdiriblər? Çünki “Azadlıq” radiosu həqiqətləri deyir, Azərbaycandakı korrupsiyadan danışır və mətbuata əli çatmayan, televiziyalarda həqiqəti görməyən vətəndaşlar maşınlarda həmin radio vasitəsilə bu həqiqətləri eşidirlər. Buna görə də Azərbaycan hökuməti özünə rəva görür ki, dünyanın ən böyük gücü ilə qarşıdurmaya gedib həmin radionu bağlasın. Mən belə hökuməti necə patriot saya bilərəm? Mən Azərbaycanın milli maraqlarını müdafiə etmək əvəzinə, öz kürsü maraqlarını güdən hökuməti vətənpərvər saya bilmərəm.

“Hakimiyyətin patriotluğuna şübhə ilə yanaşıram”

- Opponentləriniz dediklərinizə qarşı sizi qərəzlilikdə suçlaya bilər…
- Mən istəmirəm belə təəssürat yaransın ki, müxalifətdə olduğuma görə hökumətin bütün addımlarına “yox” deyirəm.
Xeyr. Amma baxın, mən ölkənin aparıcı siyasi partiyalarından birinin rəhbəri kimi milli maraqlarımız naminə müəyyən işlər görə bilərəm. 2005-ci ildə Türkiyəyə səfərim zamanı 4 saat bu ölkənin aparıcı telekanllarında çıxışlarım olub. Azərbaycan həqiqətlərini Türkiyə KIV-i vasitəsilə türk ictimai rəyinə çatdırmışam. Bundan əlavə Türkiyə müxalifətinin liderləri – CHP başqanı cənab Dəniz Baykalla, MHP başqanı cənab Dövlət Baxçalı ilə və bu ölkənin digər nüfuzlu siyasət adamları ilə əlaqələrim, Həmçinin Türkiyə prezidenti cənab Abdullah Güllə münasibətlərim var. Mən bu imkanlarımdan istifadə edib, Azərbaycan xalqının narahatlığını türk ictimaiyyətinə çatdıra bilərəm. Amma necə hesab edirsiniz, bu hökumət mənə pasport verərmi? Əlbəttə, yox. Çünki bu hökumətə müxalifət liderlərinin xaricə səfərlərini məhdudlaşdırmaq lazımdır. Mən bütün bu dediklərimi ümumiləşdirərək, Azərbaycan hakimiyyətinin patriotluğuna şübhə ilə yanaşıram, bu rejimi vətənpərvər saymıram.
- Təklifiniz nədir?
- Azərbaycan hakimiyyəti nəhayət, məsuliyyətli olaraq yanlış siyasətindən imtina etməlidir. Gerçəkdən Azərbaycanın maraqlarına uyğun siyasət həyata keçirməlidir. Anti-Türkiyə kampaniyası dayandırılmalıdır. Sıx dialaq şəraitində Türkiyənin hazırki hökumətini atacağı addımın səhv olduğuna inandırmağa çalışmaq, Türkiyə xalqının köməyindən istifadə etmək lazımdır ki, gözlənilən yanlış addım atılmasın. Eyni zamanda Azərbaycan hökuməti papağını qarşısına qoyub fikirləşməlidir ki, ölkəni hara aparır. Hökumət bütün sivil təşkilatların hamısını Azərbaycana düşmən elan etməməlidir. Hökumətə ünvanlayıb deyirəm, cənablar, hakimiyyəti uzun müddətə zəbt etmək naminə niyə Azərbaycanı bu sivil dünyaya qarşı qoyaraq təkləyirsiniz? Azərbaycan hökuməti nəhayət, bu barədə düşünməlidir.

“Rusiyapərəst siyasətə keçid üçün bu məqamdan istifadə etmək istəyirlər”

- Bayaq dediniz ki, hakimiyyət Qərbi Azərbaycana ikili standartlarla yanaşmaqda ittiham etməliydi. Məgər hökumət rəsmiləri beynəlxalq birliyin ünvanına az belə ittiham səsləndirib?
- Ittiham ediblər, amma necə? Məsələn, deyiblər ki, nə üçün Ermənistanda müxalifət fəallarının həbsinə etiraz etmirsiniz, amma Azərbacanda edirsiniz. Yəni, bunlar demək istəyirlər ki, bizə də belə şans verin, biz də müxalifət fəallarını həbs edək, aksiyaları qəddarcasına dağıdaq, amma dinməyin. Onlar ikili standart deyəndə bunu nəzərdə tuturlar.
- Ilham Əliyevin Türkiyəyə səfərdən imtinası ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Bəzi fikirlərə görə, bu addım heç də Türkiyənin Ermənistanla bağlı siyasətinə etiraz olaraq atılmayıb. Siz necə düşünürsüz?
- Açıq hiss olunur ki, Azərbaycan hakimiyyəti Türkiyə hökumətinin bu tərəddüdlü siyasətindən bir az da istifadə edərək öz strateji seçimini dəyişmək istəyir. Daha birmənalı şəkildə Rusiyapərəst siyasətə keçid üçün bu məqamdan istifadə etmək istəyir. Biz hər zaman deyirdik ki, Azərbaycan hakimiyyəti ölkənin Qərbə inteqrasiyasına mane olur. Bu günlərdə NATO-nun sammiti keçirilidi və dünyanın ən güclü təşkilatı Azərbaycanın ərazi bütövlüyünə dəstək verdi. Imkan versinlər, Azərbaycan NATO-ya üzv olsun və ərazi bütövlüyümüzün təminatına da dəstək versin. Amma yox, bunlar başa düşürlər ki, Avropa Birliyi ilə sıx münasibətlər qurmaq, NATO-ya üzvlük sonda demokratiyanı labüdləşdirəcək. Ona görə “patriotluq” edirlər. Başa düşmək lazımdır ki, psevdo-patriotizm gözdən pərdə asmaqdan ötrüdür. Bu hakimiyyətin əsas marağı hansı üsulla olursa-olsun avtoritar idarəetməni saxlamaq və öz hökmranlığını daha uzun müddətə təmin etməkdir. Ona görə də Azərbaycanı uğurlu geopolitik seçimlərdən məhrum edirər. Müxtəlif məqamlardan istifadə edərək Azərbaycanı yenidən Rusiyanın qanadı altına aparmaq istəyirlər. Bu son hadisədən də yararlanıb Rusiyapərəst siyasətlərinə haqq qazandırmaq istəyirlər. Hay-küy salırlar ki, Azərbaycan qazını Türkiyəyə satmayacaq. Kimə satacaq? Rusiyaya. Necə olur bu? Məgər Türkiyə bizə nə zamansa Rusiyanın vurduğu zərbələri vurub? Bütün bunların arxasında hökumətin geopolitik seçimində dəyişikliklər etmək niyyəti görünür. Azərbaycan cəmiyyəti baş verənlərin fərqində olmalıdır.
Vidadi Məmmədov

Mövzuyla bağlı digər yazılar

  • Mövzuyla bağlı digər yazı yoxdur

Müəllif barədə

mizrak yazıb 33 məqalə.

6 şərh var | ““Ilham Əliyev açıq danışmağı bacaran siyasətçilərdən deyil””

  • kaan yazıb 19 April, 2009, 11:40

    merhbalar Sizin yazılarınıza katılıyorum.Bizim anladığımz şudur ki;Prezident İlham ALİYEV Rusya ya yaklaşmak istiyordu.Türkiyenin siyasetini yönlendiren Başbakan ERDOĞAN dediki sınır kapısı açılmayacak.Siz daha ne istiyorsunuz daha bunu kim söyleyecek.Sizin cumhurbaşkanı dün baklayı ağzndan çıkardı.Rusya sizin stratejis ortağınızmış.Ne diye bir aydır türkiye yi ayağa kaldırdınız.Madem azarbaycan rusya ya yaklaşmak istiyor yaklaşsın.Azarbaycandaki halka bunu demiyorum onlar bizim ebedi kardeşimiz.

  • bakiya yazıb 13 June, 2009, 0:20

    bizim birinci dusmanimiz rusdur 2 ci ermani bizim milat gorasan na fikirlasir rusdan qopmaq istamir 20 ila yaxindir ilan kimi surunur milatimiz lazim galsa amerika 1 gun icinda ermanini torpaqmizdan cikardar hayibki biz musalmaniyiq ermani kristiyan niya amerkanin sozu butun dunyada kecir birkicik kopak ermaniya kecmir

  • mehmet yazıb 1 October, 2009, 8:35

    sızın prezıntınız KGB NIN BIR GIZLI UYESIDIR. RUZLARA HIZMET EDIR. RUSLARDAN EMIR ALIR. ONUN TURKIYEYLE DOST OLMASI MUMKUN DEYILDIR. ONUN KARABAGI ALMAK GIBI BIR NIYETIDE YOKTUR. TURKIYE 17 SENEDIR BEKLEDI VE GERCEYI GORDU ONA GORE HAREKET EDIYORR. ONUN ICIN TURKIYEYI TEHDIT ETMEYIN YANARSINIZ SIZI RUSYADA KURTARAMAZ. .

  • SALIH yazıb 1 October, 2009, 8:39

    SIZINLE TURKIYE SAVASMADI SALAKLAR SIZINLE RUSYA ZAVASDI SIZİNLE SYTRATEJIK MUTEFIGINIZ RUSYA SAVASDI TORPAKLARINIZI ALDI ,,SIZ KORMUSUNUZ TURKIYE BIZE ZERBE VURDU DEYIRSINIZ, İFTIRA ETMEYIN.

  • tehlukeeeeeeeeeeee yazıb 7 November, 2009, 8:48

    *********************************

  • OLUMSUZLER............ yazıb 30 April, 2010, 8:42

    MEN ONU BILIREM KI TURKIYENI VE AZERBAYCANI YARADAN _____ !!!!!! BIR TURK !!!!!!!______VE ONLAR BU ULKELERI KENDI BASINA BURAKMAZLAR….. AZERI VE TURKU HIC KIMSE AYIRAMAZ YETER KI BIZ TARIHMIZI BILELIIIIIIIIIIIIIIIIMM!!!!!!!!! ONDA DUSMANDA DOSTDA SU GIBI AYDIN!!!!!!!!!!!!!!!!!!!

    AAAAAA BIDE ACIG KONUSAN BI ELCIBEY VAR IDI O DA…………..

Şərh yaz

Spam Protection by WP-SpamFree

Copyright © 2010 Gündəm – Müstəqil Onlayn Qəzet. Bütün hüquqlar qorunur.