Bu səfər Qərbə mesajdır
Müxalifət liderləri Ilham Əliyevin Moskvaya gözlənilən səfərinə qiymət verir
Azərbaycanın dövlt başçısı Ilham Əliyevin aprelin 16-da Rusiya səfər etməsi siyasi şərhçilər tərəfindən heç də birmənalı qarşılanmayıb. Ekspertlərin fikrincə, bu dəvət Kremlin mövqeyinin Bakının yürütdüyü siyasətdə həlledici faktor olduğunu təsdiq edir. Mövzuyla bağlı müxalifət liderlərinin mövqeyini öyrəndik.
AXCP sədri Əli Kərimli hesab edir ki, Azərbaycanın qonşu ölkələrlə normal münasibət saxlaması adi qarşılanmalı olsa da, Ilham Əliyevin Moskva səfəri onun bir neçə gün bundan əvvəl Türkiyə səfərindən imtina etdiyinə görə xeyli sual yaradır: “Türkiyə Azərbaycanın bütün müstəqillik ilərində ən etibarlı və təmənasız müttəfiqimiz olub, Qarabağla bağlı bütün mərhələlərdə bizə dəstək verib. Rusiya isə Ermənistanı silahlandırıb, onu vahid təhlükəsizlik məkanına daxil edib. Ona görə də cəmiyyətdə haqlı sual yaranır ki, biz bir qayda olaraq xarici ölkələri ikili standartlarda ittiham edirik, bəs o zaman özümüz nədən ikili standart tətbiq edirik? Bir halda ki, ölkə başçısı Azərbaycana qarşı bu qədər aqressiyanı dəstəkləmiş, düşmənimizi açıq silahlandıran bir ölkəyə səfər etməkdən imtina edə bilmirsə, nədən müttəfiqimiz olan Türkiyəyə qarşı belə mövqe sərgiləyir”. Kərimlinin fikrincə, Türkiyə ilə münasibətlərin gərginləşdirilməsinin fonunda Rusiya ilə əlaqələrin gücləndirilməsi Azərbaycanın geosiyasi seçimində dəyişiklik etməsinin əlamətləridir. AXCP sədri bildirir ki, Ilham Əliyev Moskva səfərində Rusiyanın nəyə görə Ermənistanı silahlandırdığının hesabatını sorsa, milli maraqlardan çıxış etmiş olar: “Yaxşı olardı ki, Ilham Əliyev bu fürsətdən istifadə edib, rəsmən Ermənistana verilən silahlarla bağlı Rsuiya prezidenti ilə müzakirələr açsın”.
ALP lideri Lalə Şövkət də belə hesab edir ki, Ilham Əliyevin səfəri Türkiyə-Ermənistan sərhədlərinin açılması ətrafında gedən müzakirələrlə bağlıdır. Bu baxımdan bir müddət əvvəl Türkiyə rəsmilərinin Moskvaya səfərinə diqqət çəkən Lalə Şövkətə görə, Moskvada yenidən Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünün təşkil ediləcəyi istisna deyil: “Azərbaycan olduqca qapalı bir siyasət aparır. Ictimaiyyətin hazırda hansı proseslərin getdiyindən xəbəri yoxdur. Biz yalnız fərziyyələr üzərində fikir yürüdürük. Bu da düzgün deyil. Bu məsələyə faktlarla baxmaq lazımdjır. Keçən il Gürcüstan-Rusiya müharibəsindən sonra Ərdoğanla Putin arasında Moskvada görüş baş tutmuşdu. Həmin görüşdən sonra hər iki baş nazir birgə bəyanat verdilər ki, Türkiyə ilə Rusiya Cənubi Qafqazda sabitlik paktının tərəfdarıdırlar. Və hər iki ölkə Cənubi Qafqazda öz təsir dairəsini birgə formalaşdırmaq niyyətindədir. Bu olduqca önəmli bir məsələdir”.
Türkiyə ilə Ermənistan arasında sərhəblərin açılmasının həm də Rsuiyanın maraqlarına uyğun olduğunu düşünən Lalə Şövkətin sözlərinə görə, Moskva bununla ən yaxın tərəfdaşı olan Ermənistanı blokadadan çıxarmaq istəyir: “Rusiya Ermənistanın mövqeyini gücləndirmək üçün bu sərhədlərin açılmasında maraqlıdır. Türkiyənin prezidenti Abdulla Gül də bu yaxınlarda Moskvaya səfər etmişdi. Cənubi Qafqazdakı sabitlik paktı bu dəfə də müzakirəyə çıxarıldı. Ilham Əliyevin də Moskvaya getməyi bütün bunların davamı olaraq Türkiyə-Ermənistan münasibətləriylə bağlıdır. Amma Ilham Əliyevin Türkiyəyə getməməsi fonunda Rusiyaya səfər etməsi, sözsüz ki, iqtidarın siyasi aksentlərini də ortaya qoyur”.
Müsavat Partiyasının başqanı Isa Qəmbərin sözlərinə görə, bu, bir daha iqtidarın yürütdüyü xarici siyasətin mahiyyətini göstərir: “Əgər Azərbaycanın hakimiyyətinin uzun illərdir sadiq olduğu balanslaşdırılmış siyasət iflasa uğrayıbsa, hakimiyyət birbaşa mövqe müəyyənləşdirmək zəruətini dərk etməyə başlayıbsa, bunu etmək lazımdır. Amma Azərbaycanın yeri Rusiyanın əlaltısı olmaq deyil. Azərbaycanın yeri dünyaya, Avroatlantik məkana intenqrasiya və öz təhlükəsizliyini azad dünyanın təhlükəsizlik sistemində təmin etməkdir”.
Ümumiyyətlə hazırda Cənubi Qafqaz bölgəsində ciddi proseslərin yaşandığını deyən VIP sədri Əli Əliyev hesab edir ki, bölgə uğrunda super dövlətlərin mübarizəsi yenidən qızışıb: “Təəssüflər olsun ki, hazırda Azərbaycan hakimiyyətinin yürütdüyü xarici siyasət reallıqla səsləşmir. Iqtidar hazırda cərəyan edən siyasi prosesləri Türkiyə ilə münasibətlər müstəvisinə keçirməyə çalışır. Son dəfə bölgədə belə gərgin situasiya Heydər Əliyevin prezidentliyi dövründə baş vermişdi. Mən Qarabağ probleminin həllində ciddi nəticələrin əldə olunması xəbəri yayılan zaman Ermənistanda parlamentin binasındakı atışmanı nəzərdə tuturam. Bu baxımdan Türkiyənin xarici işlər nazirinin Ermənistana səfərindən dərhal sonra Ilham Əliyevin Moskvaya səfər etməsi Rusiyanın bölgəyə nəzarətin kimin əlində olması sualına cavab axtarışından xəbər verir”. Rusiya hökumətinin Azərbaycan iqtidarına kifayət qədər ciddi təsirinin olduğunu deyən Əli Əliyev qeyd etdi ki, Obamanın telefon zəngindən sonra Ilham Əliyevin belə səfər etməsi Qərbə mesaj kimi də qəbul olunmalıdır.
Xəyal
aliyev butun azer baycanın basını yakacak . goturup elıyle ruslara teslım edecek.