Səfir Obama-Əliyev danışıqlarına aydınlıq gətirdi
“Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması regionda sülh və stabilliyin bərqərar olmasına yardım edə bilər”. APA-nın məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Türkiyə -Ermənistan sərhədlərinin açılması və bu prosesin Dağlıq Qarabağ münaqişəsinə təsiri ilə bağlı ABŞ-ın mövqeyini belə şərh edib.
Səfir ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayzanın Bakıya səfəri zamanı bu məsələ ilə bağlı ölkəsinin mövqeyini açıqladığını bildirib. ABŞ səfiri həmçinin prezident Barak Obamanın prezident Ilham Əliyevə telefon zəngi etdiyini xatırladıb:”ABŞ prezidenti Barak Obama da prezident Əliyevə zəng vurub və çox səmimi dialoq olub. Prezident Obama öz zəngində Azərbaycanla münasibətlərin möhkəmləndirilməsinin davam etməsi arzusunu ifadə edib, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişləri dəstəkləyib. Bu, çox əhəmiyyətli faktdır. O prezidentə bildirib ki, Türkiyçə Ermənistan münasibətlərinin normallaşması regiondakı sülh və sabitliyə müsbət təsir göstərə bilər. ABŞ səfiri “Azadlıq” əməkdaşı Mirzə Sakitin azadlığa buraxılması faktına da münasibət bildirib:”Bu, Azərbaycan cəmiyyəti üçün çox müsbət faktdır. Ümidvaram ki, həbsdə olan digər jurnalistlərə də qarşı analoji addımlar atılacaq. Bizim mövqeyimiz dəyişməz qalır, hesab edirik ki, jurnalistlər peşəkar fəaliyyətləri ilə bağlı həbsdə qalmamalıdırlar”.