ARDNŞ işçilərin xidməti avtomobillərini əllərindən aldı

rovneq150Bu qərar iqtisadi böhranla əlaqədar ARDNŞ-nin maliyyə imkanlarının məhdudlaşması ilə izah edilib

Qlobal iqtisadi böhranın təsirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tikinti layihələrinin bir qismini təxirə salmaq məcburiyyətindədir. Artıq bu barədə şirkət rəhbərliyi konkret qərar da qəbul edib.

Məlumatlı mənbələrdən Lent.az-a daxil olan görə, bir neçə gün əvvəl ARDNŞ-nin tikinti idarəsinin bütün işçilərinin iştirakı ilə toplantı keçirilib. Həmin toplantıda başa çatmaqda olan bütün tikinti layihələri üzrə icra işlərini aprelin 30-dək yekunlaşdırmaq və bundan sonra heç bir layihəyə başlamamaq tapşırığı verilib. Yığıncaqda həmçinin idarənin bütün işçilərinə xidməti avtomobillərdən istifadə etmək qadağan olunub. Bu qərar iqtisadi böhranla əlaqədar ARDNŞ-nin maliyyə imkanlarının əhəmiyyətli şəkildə məhdudlaşması ilə izah edilib.

ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Lent.az-a açıqlamasında mövcud iqtisadi durum və böhranın təsirlərinin azaldılması ilə bağlı şirkətdə müşavirə keçirildiyini təsdiqləyib. Müşavirədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində Azərbaycan dünya iqtisadi böhranının az təsir etdiyi dövlətlər sırasındadır. Şirkət rəhbəri qeyd edib ki, neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi ARDNŞ-nin gəlirlərinin azalması ilə müşayiət olunur.

Xatırladaq ki, ARDNŞ qlobal maliyyə və iqtisadi böhranla əlaqədar idarəetmə sistemini daha da təkmilləşdirmək və səmərəliliyi artırmaq məqsədilə “Antiböhran Proqramı” hazırlayıb və sənəd şirkət rəhbərinin ARDNŞ Prezidentinin 26 fevral 2009-cu il tarixli əmri ilə təsdiq edilib. Martın 31-də keçirilən müşavirə isə proqramın icrası istiqamətində şirkətin tabeliyində olan idarə və müəssisələrdə görülən işlərlə tanışlıq məqsədi daşıyıb.

Nizaməddin Quliyev bildirib ki, həmin müşavirədə ARDNŞ-nin həyata keçirdiyi tikinti layihələrinin təxirə salınması, tikintinin miqyasının məhdudlaşdırılması barədə hansısa göstəriş verilməyib. Onun sözlərinə görə, indiyədək icrasına başlanmış bütün layihələrin tikintisi davam edir və bu layihələrin icrasının dayandırılmayacaq.

Təmir-tikinti idarəsinin rəhbər işçilərinin xidməti avtomobillərdən istifadə etməsinə qoyulan məhdudiyyətə gəlincə, Nizaməddin Quliyev bu məlumatı təsdiqləyib. Həm də bu qərar təkcə Təmir-tikinti idarəsinin işçilərinə yox, digər strukturlarda çalışanlara da aiddir. Onun sözlərinə görə, ARDNŞ rəhbərinin bu tapşırığının əsas məqsədi qeyri-istehsal sahələrinə ayrılan xərclərin maksimum azaldılması, idarəetmənin təkmilləşdirilməsi, xərclərin optimallaşdırılmasıdır.

“Təkcə hansısa idarədə yox, aparatda da xidməti avtomobillərdən istifadə dayandırılıb. Çünki indi sərf eləmir. Başqa layihələrin icrasını dayandırmaqdansa, biz məmurların ziyan çəkməsi xalqa, dövlətə daha xeyirlidir” – deyə, Nizaməddin Quliyev əlavə edib.

Elxan SALAHOV

Mövzuyla bağlı digər yazılar

  • Mövzuyla bağlı digər yazı yoxdur

Müəllif barədə

mizrak yazıb 33 məqalə.

Şərh yaz

Spam Protection by WP-SpamFree

Copyright © 2010 Gündəm – Müstəqil Onlayn Qəzet. Bütün hüquqlar qorunur.