«Dövlət Neft Şirkəti vitse-prezidentinin dörd xidməti maşını var»
Mirvari Qəhrəmanlı: «Ilin axırına neft sektorunda çalışan 10-15 min adam işsiz qalacaq»
Neftin dünya bazarında qiymətinin kəskin azalması, həmçinin qlobal iqtisadi böhranın Azərbaycana təsirlərinin artması neft sektorunda çalışan minlərlə adamın işsiz qalmasına səbəb olub. Son bir neçə ayda demək olar ki, hər gün hansısa şirkətin öz işçilərini ixtisara salması, yaxud da müqavilə müddətinin bitməsi səbəbindən işdən azad etməsi ilə bağlı xəbərlər eşidirik. Bu məsələ ilə bağlı mütəmadi olaraq yazılar dərc edilir. Lakin məsələnin ciddiliyini nəzərə alıb yenidən mövzuya qayıtmalı oluruq.
Neft sektorunda çalışanların əksəriyyəti adətən ixtisar deyil, müqavilə vaxtının bitməsi bəhanəsi ilə işdən azad edilir. Bu da işsiz qalanların vəziyyətini bir qədər də ağırlaşdırır.
Məsələyə münasibət bildirən Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı minlərlə insanın işsiz qalmasının səbəbini iqtisadi böhranda deyil, Dövlət Neft Şirkətinin yarıtmaz fəaliyyəti ilə əlaqələndirdi: “Dövlət Neft Şirkəti işçilərinin sayını həddindən artıq çoxaldıb. Öz yaxınları, hardansa göndərilən adamlar üçün iş yerləri açıblar. Indi də işçilərin sayı həddindən çoxdur. Onları işdən çıxarmaq əvəzinə düşüblər yazıq fəhlələrin, təqaüdçülərin üstünə. Neftayırma zavodları bərbad günə düşüb. Bu zavodlarda yenə də kimlərinsə adamlarını işə götürürlər. Hər idarədə artıq işçilər var. Hətta bizə daxil olan məlumata görə, Dövlət Neft Şirkətinin vitse-prezidentinin dörd xidməti maşını var. Yuxarıdan təmizləmə aparmaq lazımdır. Hər adama görə vəzifə, bəzilərinə görə şöbə açıblar. Dövlət Neft Şirkətinin aparatını görsəz, dəhşətə gələrsiniz. Aparatın özündə təzə idarələr açıblar. Dövlət Neft Şirkəti öz strukturlarında əsaslı dəyişiklik etməlidir. Indi bilmirlər necə etsinlər. Ona görə də fəhlələri ixtisara salırlar. Ancaq çıxış yolu var. Əgər Dövlət Neft Şirkətində yaxşı audit aparılsa, qanunsuz pulların hara sərf olunduğu göstəriləcək. Məlum olacaq ki, bir çox villalar, istirahət zonaları, hansı pullarla tikilib. Camaatı işdən çıxarıb balasını pulsuz qoymaq istəyirlər. Əgər Dövlət Neft Şirkətini korrupsiyadan təmizləsələr, heç olmasa bir il tamahlarını saxlasalar, əlavə xərclərin qarşısını alsalar, qanuni və qanunsuz obyektlərin tikintisini saxlasalar, böhrandan uğurla çıxmaq olar. Amma bunlar böhranı fəhlədə axtarırlar. Təqribi hesablamalara görə, ilin axırına neft sektorunda çalışan 10-15 min adam işsiz qalacaq”.
Fizzə